Zob xəstəliyinə son! Daha sağlam həyat tərzi.

ZOB XƏSTƏLİYİ

Yod insanın inkişafı üçün vacib elementdir. Yod çatışmazlığı yarananda zob əmələ gəlir. Ümumiyyətlə, yod çatışmazlığını aradan qaldırmaq üçün yodlaşdırılmış duzdan istifadə etmək məsləhət görülür. Qeyd edək ki, ölkəmizdə yod çatışmazlığı problemi var. Şəki, Zaqatala, Quba, Qusar kimi rayonlarda bu problem daha qabarıqdır. Zob xəstəliyinin əsas səbəbi də orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanvari vəzin böyüməsi və ya fəaliyyətinin pozulmasıdır. Belə ki, qalxanvari vəzin funksiyası pozulduqda o normadan ya çox işləyir, ya da az. Bu isə özünü müxtəlif əlamətlərlə büruzə verir. Məsələn, qalxanvari vəzin hipofunksiyası, yəni az işlədiyi zaman halsızlıq, ümumi zəiflik, yuxululuq, dərinin quruması, saçın tökülməsi kimi hallar baş verir. Həmçinin ürək-damar, mərkəzi sinir, mədə-bağırsaq sistemində pozğunluqlar olur. Qalxanvari vəzin hiperfunksiyası, yəni normadan çox işləməsi də orqanizm üçün xeyirli heç nə vəd etmir. Belə hal xalq arasında zəhərli zob kimi də tanınır.Endokrinoloq Rüstəm Mahmudov zobdan əziyyət çəkənləri xaricən tanımağın asan olduğunu söyləyir: “Gözlərin bərəlmiş olması, çox arıq, əsəbi olması, ürəyin tet-tez döyünməsi zobun əlamətlərindəndir. Belə insanlar həmişə istilənir, ürək döyünmə çox olduğuna görə tövşüyürlər. Xəstəlik nəticəsində insanlar həddindən artıq səbrsiz, kəmhövsələolurlar. Belələrində tərləmə güclü olur, əlləri isə əsir”. Bu cür əlamətləri hiss edən adam mütləq endokrinoloqa müraciət etməlidir. Çünki zob müalicə olunan xəstəlikdir. Ümumiyyətlə, isə hər bir insanın yoda ehtiyacı var. Uşaqların, hamilə qadınların, əqli işlə məşğul olanların yoda tələbatı daha çoxdur.